ELM VƏ TƏHSİL
Botanika ilə Ekologiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb
![Botanika ilə Ekologiya institutları arasında əməkdaşlıq memorandumu imzalanıb](/files/2022/1/1200x630/16451001202403132875_1200x630.jpg)
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin həyata keçirilməsi, biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, innovativ məhsulların yaradılması və kadr mübadiləsi nəzərdə tutulub.
Əməkdaşlıq memorandumuna əsasən, Azərbaycan ərazilərində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə biomüxtəlifliyin taksonomik tərkibinə təbii və antropogen proseslərin təsiri öyrəniləcək. Meşə ehtiyatlarının müəyyənləşdirilməsi, peyk şəkilləri və GIS texnologiyalarından istifadə etməklə meşələrin məhv edilməsinin surəti təyin olunacaq. Meşə fondunun tərkibində mövcud dəyişiklikləri nəzərə almaqla bərpa prosesinin vahid prinsiplərinin işlənib hazirlanması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində elmi-tədqiqat və təcrübi-sınaq işlərinin yerinə yetirilməsində mütəxəssislər, doktorantlar və dissertantlar aktiv iştirak edəcəklər.