ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşı beynəlxalq konqresdə sertifikata layiq görülüb
![Botanika İnstitutunun əməkdaşı beynəlxalq konqresdə sertifikata layiq görülüb](/files/2022/2/1200x630/16540705062833019969_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
AMEA Botanika İnstitutunun Mikologiya şöbəsinin kiçik elmi işçisi Aytac Əliməmmədova Türkiyənin Samsun şəhərində İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) tərəfindən İnnovativ elmi yanaşmalar üzrə VII beynəlxalq konqresdə iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə dünyanın bir sıra ölkələrindən alimlər, elm adamları bir araya gələrək maraqlı məruzələrlə çıxış edib, aktual məsələ və problemlər barədə fikir və təcrübələrini paylaşıblar. Aytac Əliməmmədova tədbirə onlayn qoşularaq “Azərbaycanın Quba rayonunun makrogöbələkləri” mövzusunda çıxış edib, sualları cavablandırıb.
Konqresə dəqiq və humanitar elmlərin müxtəlif sahələrində (dil, ədəbiyyat, tarix, din, iqtisadiyyat, hüquq, politologiya, təbiət, coğrafiya, təhsil, tarix, fəlsəfə, psixologiya, səhiyyə və s.) tədqiqatlar təqdim edilib.
Tədbirin sonunda iştirakçılara sertifikat verilib.