ELM VƏ TƏHSİL
“British Council” MDU-nun Bakı filialının tələbələri üçün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi proqramını elan etmişdir
Bakı, 17 avqust (AZƏRTAC). “British Council” təşkilatı Vorvik Universiteti və bmi (British Midland International) aviaşirkəti ilə birgə “Tədris-Təcrübə Proqramı” layihəsi çərçivəsində M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının bakalavr pilləsində təhsil alan tələbələr üçün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi proqramını elan edir.
“British Council” təşkilatından AZƏRTAC-a bildirmişlər ki, proqram bu il avqustun 22-dən 31-dək Vorvik Universitetinin Tətbiqi Linqvistika Mərkəzi tərəfindən təşkil ediləcəkdir. MDU-nun Bakı filialının ingilis dili fakültəsindən seçilmiş bakalavr pilləsində təhsil alan 6 tələbə üçün bir həftəlik xüsusi proqram çərçivəsində ingilis dili kurslarının və mədəniyyət proqramının təşkili nəzərdə tutulur. İngilis dili kursları tələbələrə sosial və elmi sahələrdə bu dildən daha səmərəli istifadə etməyə imkan verəcəkdir.
Mədəni proqrama Vorvik qalası, London, Oksford və Şekspirin anadan olduğu Stratford-upon-Avon şəhərlərinə səfərlər daxildir. Bu səfərlər zamanı iştirakçılar Britaniyanın mədəniyyəti, tarixi barədə geniş məlumatlar əldə edəcəklər.
Bundan əlavə, proqram iştirakçıları britaniyalı ailələrdə yaşamaqla ölkənin mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacaq, mədəniyyətlərarası əlaqə yaratmaq və ingilis dili bacarıqlarını daha da inkişaf etdirmək imkanı qazanacaqlar.
Proqram haqqında ətraflı məlumatı təşkilatın www.britishcouncil.az internet ünvanından əldə etmək olar.