İDMAN
Bu il Azərbaycan idmançılarının qazandıqları medalların sayı 705-ə çatmışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyində 2011-ci ilin yekunlarına əsasən, idman xadimlərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə 33 idman xadimi müxtəlif fəxri ad və dərəcələrlə təltif edilmişdir.
İdmançılarımızın nailiyyətləri barədə məlumat verən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirmişdir ki, cari il ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da uğurlu nəticələr qazanılmışdır.
Nazir müavini idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd etmiş və bu nailiyyətlərdə Azərbaycan dövlətinin idmana qayğısının böyük rol oynadığını xüsusi vurğulamışdır. Bildirmişdir ki, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bu sahənin maddi-texniki bazası da güclənir, yeni-yeni olimpiya kompleksləri tikilir. Təkcə 2011-ci ildə Azərbaycanda 415 ölkə çempionatı və kubok yarışları keçirilmişdir.
İsmayıl İsmayılov bu il Azərbaycanın 42 mötəbər beynəlxalq yarışa ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bununla yanaşı, qazandığımız medalların sayında da artım olmuşdur. Əgər ötən il idmançılarımız 675 dəfə Azərbaycan bayrağını yüksəklərə qaldırmışdılarsa, bu il həmin göstərici 705 olmuşdur.
Sonra Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində fərqlənən 13 nəfərə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 16 nəfərə “Əməkdar məşqçi”, 4 nəfərə isə “Əməkdar İdman ustası” vəsiqələri təqdim edilmişdir.