Bu il Geologiya İnstitutu üçün uğurlu olmuşdur
Bakı, 28 dekabr (AZƏRTAC). Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun 2010-cu ildə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat yığıncağı keçirilmişdir.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, bu il Geologiya İnstitutunun bir neçə alimi Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatına layiq görülmüşdür. Bu, geoloqların cari ildə qazandığı ən böyük uğurlardan biridir.
Başa çatmaqda olan ildə institutda aparılmış tədqiqatlar əsasən çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması istiqamətində olmuşdur. Geologiya İnstitutu tibbi geologiyaya dair yeni tədqiqatların istiqamətini müəyyənləşdirmişdir. Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcəkdir.
Bildirilmişdir ki, Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti, AMEA-nın Geologiya İnstitutu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssisləri tibbi geologiyanın istiqamətlərindən biri kimi ölkəmizdə radon qazının paylanmasını öyrənirlər. Tədqiqatlar “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” layihəsi çərçivəsində aparılır.
Diqqətə çatdırılmışdır ki, Geologiya İnstitutunun alimləri 2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna 6 layihə təqdim etmişlər. Həmin layihələrdən üçü qrant dəstəyi almışdır.
Bu il institutda 4 mühüm elmi nəticə əldə edilmiş, 10 dissertant təhsil almışdır. Həmçinin, 8 ümumrespublika elmi seminarı keçirilmişdir.
Sonra toplantı iştirakçılarının hesabata dair fikirləri dinlənilmiş və institutun 2010-cu ildəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.