Bu il nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən 3 layihə reallaşdırılacaq
Bakı, 30 aprel, AZƏRTAC
2018-ci ildə “Nağdsız Azərbaycan”la yanaşı, “Ani ödənişlər”, “3D bank sektorunda blokçeyn texnologiyalarına keçid” proqramları da reallaşdırılacaq.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq davam etdirilir, birgə yaradılmış işçi qrup nəzərdə tutulan tədbirlər planını həyata keçirəcək.
Qeyd olunub ki, 2017-ci ilin iyul ayından həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi üç mərhələdən ibarətdir. Ötən ilin sonunda yekunlaşan birinci və ikinci mərhələ üzrə mövcud vəziyyət araşdırılıb, nağd iqtisadiyyatın həcmi müəyyənləşdirilib, nağd pul vəsaitindən istifadənin əsas səbəbləri qiymətləndirilib.
“MasterCard”ın Azərbaycan üzrə meneceri Alper Meriçin fikrincə, qiymətləndirmənin nəticələrinə görə, Azərbaycanda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Buna baxmayaraq, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial var və bu istiqamətdə yeni prioritetlər müəyyənləşdirilir. Şirkət ölkəmizdə “Apple Pay” və “Samsung Pay” kimi ödəniş platformalarının yaradılması üzrə işlər aparır. Layihənin nağdsız ödənişlər sektorunun inkişafına dair strategiyanın müəyyənləşdirilməsini nəzərdə tutan sonuncu mərhələsi üzrə işlər 2018-ci ilin mart ayında yekunlaşıb və həmin plan əsasında geniş fəaliyyət proqramının layihəsi hazırlanıb.
Bundan başqa, ötən ilin ikinci yarısından “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi ilə birgə maliyyə savadlılığı layihəsinin icrasına başlanılıb. “Nağdsız Azərbaycan” naminə artırılan səylər rəqəmsal ödəniş texnologiyalarının tətbiqində maliyyə savadlılığının yüksəldilməsinə hesablanıb.