İQTİSADİYYAT
BU İLİN BİRİNCİ RÜBÜNDƏ AZƏRBAYCANDA ÜMUMİ DAXİLİ MƏHSUL İSTEHSALI 4,1 FAİZ ARTMIŞDIR
BU BARƏDƏ DÖVLƏT STATİSTİKA KOMİTƏSİNDƏ KEÇİRİLƏN MƏTBUAT KONFRANSINDA MƏLUMAT VERİLMİŞDİR
Bakı, 24 aprel (AZƏRTAC). Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Azərbaycanda hasilatın bir qədər azaldılması nəticəsində neft sektorunda məhsul istehsalı 2008-ci ilin birinci rübü ilə müqayisədə 2,1 faiz aşağı düşmüş, lakin qeyri-neft sektorunda əlavə dəyərin 13,7 faiz artması ümumi daxili məhsul (ÜDM) istehsalının 4,1 faiz çoxalmasını təmin etmişdir. Ölkədə adambaşına ÜDM istehsalı orta hesabla 2,9 faiz artaraq 782 manata və ya 971,5 ABŞ dollarına bərabər olmuşdur.
Bu faktları Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev 2009-cu ilin yanvar-martında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı aprelin 24-də keçirdiyi mətbuat konfransında demişdir. Cari ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrindəki vəziyyəti əks etdirən makroiqtisadi göstəricilər göstərir ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlər və əmək haqqı artır.
İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 4,2 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 2,7 milyard manatlığı və ya 65,8 faizi mədənçıxarma bölməsində, 1,1 milyard manatlığı, yaxud 25,4 faizi emal bölməsində, 368,8 milyon manatlığı və ya 8,8 faizi elektrik enerjisi, qaz və su istehsalı və bölüşdürülməsi sahələrində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində birinci rübdə 11,4 milyon ton neft, 4,7 milyard kubmetr qaz hasil olunmuş, digər faydalı qazıntılar istehsalı 64,5 faiz artmışdır.
Məlumat verilmişdir ki, aqrar bölmədə yaz-tarla işləri sürətlə aparılır və aprelin 1-dək 104,4 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 8,3 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1,7 min hektar sahədə dən üçün qarğıdalı, 33,2 min hektar sahədə kartof, 23,3 min hektar sahədə tərəvəz, 98 hektar sahədə pambıq və s. əkilmişdir.
Heyvandarlıq sahəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə qaramalın sayı 2 faiz çoxalaraq 2 milyon 574,2 min başa, davarların sayı isə 1,6 faiz artaraq 8 milyon 469,4 min başa çatmışdır.
Hesabat dövründə tikinti kompleksində bütün maliyyə mənbələrindən 1 milyard 638,9 milyon manatlıq, yaxud 2008-ci ilin müvafiq dövründəkindən 15,2 faiz çox investisiyadan istifadə olunmuşdur.
Nəqliyyat və rabitə sahələrində də müsbət dinamika müşahidə olunmuşdur. Yanvar-martda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin işi də nəzərə alınmaqla nəqliyyat müəssisələri 41,6 milyon ton yük, 303,8 milyon nəfər sərnişin daşımış, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması 7,6 faiz artmışdır.
Vurğulanmışdır ki, istehsal sahələrinin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi ölkəmizin xarici dövlətlərlə iqtisadi, o cümlədən ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Cari ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 418 milyon dollar təşkil etmiş və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artmışdır. Ticarət dövriyyəsinin 59,5 faizi Avropa, 26 faizi Asiya, 14,3 faizi Amerika, 0,1 faizi isə Afrika qitəsi ölkələrinin payına düşmüşdür.
Cari ilin 2 ayında dövlət büdcəsinə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz çox, yəni 1 milyard 799,8 milyon manat vəsait daxil olmuşdur. Vergilər Nazirliyi büdcəyə 483,7 milyon manat, Dövlət Gömrük Komitəsi isə 208,2 milyon manat vəsait köçürmüşdür. Bundan başqa, dövlət büdcəsinə digər mənbələrdən 1 milyard 107,9 milyon manat vəsait daxil olmuşdur. Büdcə xərclərinin 725,7 milyon manatı və ya 50,4 faizi iqtisadiyyatın inkişafına, 134,5 milyon manatı (9,4 faiz) təhsilə və səhiyyəyə, 205,3 milyon manatı (14,2 faiz) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilmişdir.
DSK-nın sədri Arif Vəliyev KİV nümayəndələrinin suallarını cavablandırmış və əhalinin siyahiyaalınmasının başa çatması ilə bağlı ətraflı məlumat vermişdir.