DÜNYA
Budapeşt hava limanı sərnişinlərə xidmət göstərmək üçün bütün imkanlarını səfərbər etməli olub
![Budapeşt hava limanı sərnişinlərə xidmət göstərmək üçün bütün imkanlarını səfərbər etməli olub](/files/2019/3/1200x630/15773516652139953082_1200x630.jpg)
Budapeşt, 26 dekabr, AZƏRTAC
Son günlərdə Ferens List adına Budapeşt beynəlxalq hava limanında həddən artıq sıxlıq müşahidə edilir.
Adətən aeroport gün ərzində orta hesabla 50 min sərnişinə xidmət göstərir. Lakin bu bayramqabağı günlərdə reyslərin sayı 15 faiz artıb. Xüsusilə sıx qrafik dekabrın 23-də yer alıb. Lakin dekabrın 27, 28 və 30-da da buna bənzər “tıxaclar” gözlənilir.
Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu günlərdə Budapeştə daha çox Böyük Britaniyadan sərnişin gəlir. Lakin indi yeni reyslərin açılması sayəsində Macarıstana ABŞ və Asiyadan da xeyli insan gəlir. Bununla yanaşı, Milad bayramı dövründə bir çoxları Aralıq dənizi ölkələrinə üz tutsa da, ölkə hüdudlarından kənara çıxan macarlar arasında daha çox Asiya istiqaməti populyarlaşır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt