İDMAN
Cari il Azərbaycan güləşçiləri üçün uğurlu olmuşdur
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan güləşçiləri cari ildə rəsmi yarışlarda 67 medal qazanmışlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 27-də keçirilən mətbuat konfransında Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov demişdir.
Bildirmişdir ki, yola saldığımız il AGF üçün uğurlu olmuşdur. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnirlər və çempionatlarda yüksək nailiyyətlər əldə etmişlər. Bu uğurlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Məhz ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti güləşçilərimizin nailiyyətlətinin ildən-ilə artması ilə müşahidə olunur.
AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov vurğulamışdır ki, yığma komandalarımızın üzvləri iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc medal qazanmışlar. Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Yeniyetmə güləşçilərimiz Avropa çempionatında 7 qızıl, 4 gümüş, 7 bürünc, dünya çempionatında 2 qızıl, 2 gümüş, 5 bürünc medal qazanmışlar.
Bildirmişdir ki, gənc güləşçilərimiz də rəsmi yarışlarda iştirakı onların uğurlu çıxışı ilə yadda qalmışdır. Belə ki, gənclərimiz Avropa çempionatında 3 qızıl, 5 gümüş, 4 bürünc, dünya çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaqla ötən ildəki uğurlu nəticələrini davam etdirmişlər. Böyüklərdən ibarət millimiz qazandıqları 22 medalın 14-nə Avropa çempionatında, 8-nə isə dünya çempionatında sahib olmuşlar. Eyni zamanda, XXX Yay Olimpiya Oyunlarına vəsiqə verən dünya çempionatında güləşçilərimiz 7 lisenziya qazanaraq 2011-ci ili uğurla başa vurmuşlar.
Bu ilin martında Rusiyada keçirilən dünya kuboku yarışlarında sərbəst güləşçilərimiz komanda hesabında üçüncü olmuşlar. Mayda Almaniyada gənclər arasında ilk dəfə keçirilən dünya kuboku yarışlarında yığmamız gümüş medal qazanmışdır.
Ə.Cəfərov qeyd etmişdir ki, gələn il Azərbaycanda FİLA tərəfindən 5 beynəlxalq turnir təşkil olunacaqdır. Ölkəmizdə yarışların yüksək səviyyədə təşkil olunması FİLA-nın ölkəmizə etibarının nümunəsidir.