CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ RESPUBLİKADA ÜMUMİ DAXİLİ MƏHSUL İSTEHSALI 13,8 FAİZ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, 2008-ci ilin birinci rübündə respublikada ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq faktiki qiymətlərlə 8 milyard 209,8 milyon manat olmuşdur. Ölkənin hər bir sakini üzrə ÜDM istehsalı, orta hesabla, 12,5 faiz artaraq 963,4 manata və ya 1142,7 ABŞ dollarına bərabər olmuşdur.
Bu məlumatı aprelin 18-də Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev 2008-ci ilin yanvar-martında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı keçirdiyi mətbuat konfransında vermişdir. Arif Vəliyev demişdir ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı əsaslı dərəcədə inkişaf etmişdir. İqtisadiyyatın aparıcı sahəsi olan sənayedə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla ilin əvvəlindən bəri 7,1 milyard manatlıq, yaxud 2007-ci ilin müvafiq dövründə olduğundan 12,9 faiz çox məhsul istehsal olunmuşdur. Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 13,4 faiz artmışdır. Birinci rübdə 11,7 milyon ton neft, 3,9 milyard kubmetr qaz hasil olunmuş, digər faydalı qazıntılar istehsalı 13 faiz artmışdır. Məhsul buraxılışı qeyri-dövlət bölməsində 15,2 faiz artmış, sənayenin ümumi məhsulunda özəl bölmənin xüsusi çəkisi 81,9 faizə çatmış, dövlət bölməsində istehsal edilmiş məhsulun həcmi 3,6 faiz çoxalmışdır.
Məlumat verilmişdir ki, aqrar bölmədə yaz-tarla işləri sürətlə aparılır və aprelin 1-dək 104,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 8,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 1,5 min hektar sahədə dən üçün qarğıdalı, 35,4 min hektar sahədə kartof, 20,1 min hektar sahədə tərəvəz, 571 hektar sahədə pambıq və s. əkilmişdir.
Hesabat dövründə tikinti kompleksində bütün maliyyə mənbələrindən 1 milyard 409,2 milyon manatlıq, yaxud 2007-ci ilin müvafiq dövründəkindən 21,4 faiz çox investisiyadan istifadə olunmuşdur. Nəqliyyat və rabitə sahələrində də müsbət dinamika müşahidə olunmuşdur. Yanvar-martda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 40,8 milyon ton yük, 282,2 milyon nəfər sərnişin daşınmış, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 12,8 faiz, sərnişin daşınması 6,9 faiz artmışdır.
Vurğulanmışdır ki, istehsal sahələrinin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi ölkəmizin xarici dövlətlərlə iqtisadi, o cümlədən ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Cari ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2 milyard 132,1 milyon dollar təşkil etmiş və 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 60,3 faiz artmışdır. Ticarət dövriyyəsinin 41,6 faizi Avropa, 38 faizi Asiya, 20 faizi Amerika, 0,3 faizi isə Afrika qitəsi ölkələrinin payına düşmüşdür.
Cari ilin 2 ayında dövlət büdcəsinə 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 83,4 faiz çox, yəni 1 milyard 425 milyon manat məbləğində vəsait daxil olmuşdur. Vergilər Nazirliyi büdcəyə 974,1 milyon manat, Dövlət Gömrük Komitəsi isə 177,3 milyon manat vəsait köçürmüşdür. Bundan başqa, dövlət büdcəsinə digər mənbələrdən 273,7 milyon manat məbləğində vəsait daxil olmuşdur. Həmin müddətdə büdcədən 832,6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 79,9 faiz çox vəsait xərclənmişdir. Büdcə xərclərinin 357,6 milyon manatı və ya 42,9 faizi iqtisadiyyatın inkişafına, 74,7 milyon manatı (9 faiz) təhsilə və 169 milyon manatı (20,3 faiz) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilmişdir.
Sonda DSK-nın sədri Arif Vəliyev KİV nümayəndələrinin suallarını cavablandırmışdır.
######
