İQTİSADİYYAT
“Caspian Agro 2018”də bir sıra ölkələrin yüksək texnologiyalı məhsulları nümayiş olunacaq
Bakı, 14 mart, AZƏRTAC
Mayın 16-dan 18-dək Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu - XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgisi keçiriləcək.
Bu barədə AZƏRTAC-a sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətindən açıqlama verilib.
Məlumata əsasən, sərgi aqrar sektorun ən müxtəlif sahələrini təmsil edən şirkətlər üçün nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının, habelə avadanlıq və texnoloji həll variantlarının tematik nümayişini təmin edən ən iri regional platforma statusunu bir daha təsdiq edəcək.
Həmçinin tərəvəzçilik, sənaye təyinatlı bağçılıq və üzümçülük sahələri üçün müasir kənd təsərrüfatı texnologiyalarını təqdim edən bu sərgi layihəsinin məqsədi meyvə-tərəvəz biznesinin sahə və bağlardan tutmuş istehlakçılara qədər bütün prosesi çərçivəsində həm yerli, həm də qlobal müstəvidə mövcud olan ən yaxşı məhsul və xidmətləri nümayiş etdirməkdir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Həmçinin sərgi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.
Bu il “Caspian Agro 2018” sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Niderland, İtaliya, İspaniya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distribütorları iştirak edəcəklər. İlk dəfə sərgidə Vyetnamın da məhsulları nümayiş olunacaq.
Sərgidə xarici istehsalçılarla yanaşı, yerli şirkətlərin də istixana, suvarma sistemi, meyvə və tərəvəz, gübrə və s. məhsulları ziyarətçilərə təqdim ediləcək. Ənənəvi olaraq, “Caspian Agro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün infoturlar təşkil olunacaq.
Sərginin işgüzar proqramı çərçivəsində görüşlər və kənd təsərrüfatı sektorunda mövcud olan bütün yeni texnologiyalar haqqında daha ətraflı məlumat vermək üçün seminar və konfrans təşkil olunacaq. “Caspian Agro” sərgisinin qeydiyyat üzrə sponsoru daimi iştirakçısı olan - “Maschio Gaspardo” şirkətidir.
Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək və quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, heyvandarlıq sektoru üçün avadanlıqlar, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir sıra yeni məhsullarla tanış olmaq üçün imkan yaradacaq.
Beləliklə, “Сaspian Agro 2018” sərgisi iştirakçılara ən son tendensiyalarla tanış olmaq üçün imkan yaratmaqla yanaşı, əməkdaşlığı genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımi şəraiti təmin edəcək. Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə investisiya yatırımını artırmağa, eləcə də bu sahədə ən son texnologiyaların tətbiqinə kömək edəcək.