CƏMİYYƏT
Cəlil Xəlilov: İƏT-də qəbul edilən qətnamələr Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik qələbəsidir
Bakı, 25 mart, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımı ilə bağlı dörd qətnamənin qəbul edilməsi dövlətimizin Ermənistan üzərində növbəti diplomatik qələbəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, bu, 44 günlük Vətən müharibəsindən sonra da dövlətimizin Ermənistan üzərində diplomatik müstəvidə ciddi qələbələr əldə etdiyini göstərir. İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi”, “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələrin qəbulu dövlətimizin postmüharibə dövründən sonra qazandığı ən böyük diplomatik uğurlardan biridir. Bu qətnamələrdə erməni faşizmi və onun cinayətləri ifşa edilir, İslam dünyasının dövlətimizlə həmrəyliyi əksini tapır. Qətnamələrdə əksini tapan məsələlər dövlətimizin və xalqımızın, sadəcə, dünəni deyil, bu günü və sabahı baxımından da olduqca önəmlidir.
“Bir müddət əvvəl Avropa Parlamenti erməni yalanları əsasında ölkəmizin əleyhinə qətnamə qəbul etmişdi. Həmin qətnamədə qeyd olunmuşdu ki, guya Azərbaycan tərəfi Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələri məhv edir. Halbuki, erməni yalanı əsasında hazırlanan “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qondarma qətnamənin həqiqətdən tamamilə uzaq olduğu bu sənədi qəbul edən Avropa Parlamentinə, həmçinin bu quruma üzv dövlətlərə yaxşı məlumdur. Avropa dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndələrinin işğaldan azad edilən Azərbaycan ərazilərinə dəfələrlə səfərləri təşkil olunub və onlar bu səfərlər zamanı ermənilər tərəfindən xalqımıza qarşı necə böyük vəhşiliklərin törədildiyini öz gözləri ilə görüblər. Belə olan halda, Avropa Parlamentinin Qarabağda məhv edilən tarixi-mədəni abidələrə görə Ermənistanı cəzalandırmaq əvəzinə Azərbaycanı ittiham etməsi absurddur və ikili standartlardan xəbər verir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında qəbul edilən qətnamələr öz obyektivliyi, ədalətliliyi ilə təqdir olunmalı və alqışlanmalıdır. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində erməni vəhşiliyini ifşa edən qətnamələrə imza atan hər bir dövlətə təşəkkürümüzü bildirir, Avropa Parlamentini bu ədalətli münasibətdən nəticə çıxarmağa çağırırıq.
Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında qəbul edilən qətnamələr Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan Ermənistanın beynəlxalq müstəvidə ifşası istiqamətində atılan ən mühüm addımlardan biridir. Bu diplomatik zəfər rəsmi İrəvan üzərində yeni-yeni diplomatik qələbələr üçün də zəmin rolunu oynayacaq”, - deyə C.Xəlilov əlavə edib.