REGİONLAR
Cəlilabad rayonunda quşlar arasında kütləvi tələfat qeydə alınmayıb
Bakı, 8 yanvar, AZƏRTAC
Bir sıra kütləvi informasiya vasitələrində Cəlilabad rayonunun Adnalı kəndində ev quşları arasında yoluxucu xəstəliyin yayılması, hətta bəzi təsərrüfatlarda quşların kütləvi şəkildə tələf olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və Cəlilabad rayon Baytarlıq İdarəsinin əməkdaşları adıçəkilən kənddə və Cəlilabad rayonunda araşdırma aparıblar. Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilib.
DBNX-nin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, quşlardan nümunələr götürülərək laboratoriyada müayinə olunub. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkarlanıb.
Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilib və dezinfeksiya işləri aparılıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa, vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.
Dövlət Baytarlıq Nəzarəti Xidməti KİV nümayəndələrindən xahiş edir ki, dəqiqləşdirmədən, aparılan müayinə və araşdırmaların nəticələrinə istinad etmədən ölkədə heyvanlar arasında hər hansı kəskin yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinsinlər. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması həm ölkə əhalisi arasında yersiz narahatçılığa səbəb ola, həm də ölkəmizin beynəlxalq səviyyədə imicinə mənfi təsir edə bilər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında kəskin yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.