Cənub bölgəsində gənclər insan alverinə qarşı mübarizə yolları barədə məlumatlandırılıb
Bakı, 7 may, AZƏRTAC
Daxili İşlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi Lənkəran Dövlət Universitetində (LDU) və Lerik rayonunun V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyada tədbirlər keçirib.
Tədbirlər “İnsan alverinin qurbanlarına psixoloji-hüquqi yardımın göstərilməsi və insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov və Lerik rayonunun V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Asəf Bədəlov iştirakçılara mövzunun mahiyyəti barədə məlumat verib.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri qeyd edib ki, layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin təmin olunmasıdır.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı İbrahim Əhmədov tədbir iştirakçılarına insan alverindən qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların “qaynar xətt” xidmətləri barədə danışıb. O, insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları barədə iştirakçıları məlumatlandırıb.
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının cənub regional bölməsinin sədri İlqar Qasımov cənub bölgəsində bu istiqamətdə aparılan maarifləndirici tədbirlərdən, onların səmərəli nəticələrindən danışıb. O, gəncləri diqqətli olmağa, ətraflarında insan alveri qurbanlarına dəstək olmağa, bu barədə mərkəzə məlumat verməyə çağırıb.
Təhsil üzrə ekspert, psixoloq Nuranə Şıxəliyeva gənclərin müasir dövrdəki sosial-psixoloji durumlarını və yaşam tərzlərini nəzərə alaraq, onlara yaxından diqqət göstərərək maarifləndirici istiqamətdə söhbətlər aparıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.