Cərrah mama-ginekoloq Səbinə Mirzəyeva: Ana olmaq hər bir qadının haqqıdır...
Bakı, 30 mart, AZƏRTAC
Aprelin 2-si saat 16-da “Fairmont Baku” otelində tanınmış cərrah mama-ginekoloq Səbinə Mirzəyevanın təşəbbüsü ilə “Sağlam nəsil naminə hamilələrlə görüş” devizi altında konfrans keçiriləcək. Hamilələrin maarifləndirilməsi məqsədi ilə nəzərdə tutulan konfransda aparıcı mütəxəssislər endokrinoloq Hidayət Məmmədzadə, Azərbaycan Tibb Universitetinin Terapiya Klinikasının həkim-dietoloqu Tutu Zeynalova, “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova da iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, konfrans barədə məlumat verən Səbinə Mirzəyeva deyib:
- Ölkəmizin səhiyyə sahəsində böyük islahatlar və təqdirəlayiq işlər aparılsa da, ana və uşaq ölümlərinin sayı narahatlıq doğurur. Lakin həmin hadisələrə təkcə həkimin qeyri-peşəkarlığı, savadsızlığı və ya məsuliyyətsizliyi səbəb olmur. Bir çox hallarda gələcək analar dünyaya gətirəcəkləri körpələrə və öz sağlamlıqlarına məsuliyyətsiz yanaşırlar. Onlar vaxtı-vaxtında müayinələrə getmir, lazımi testlərdən keçmir, kliniki və laborator analizlərdən imtina edir və bunun nəticəsində xoşagəlməz hadisələrlə üzləşirlər. Konfransın başlıca məqsədi də həmin halların qarşısını almaq üçün hamilələri məlumatlandırmaqdan ibarətdir.
- Səbinə xanım, konfrans keçirməyi zəruri edən hansı səbəblər oldu?
- Sosial şəbəkələrdə mənə çoxlu suallar ünvanlanır. Təbiidir ki, hamilə qadın hansısa qadın məsləhətxanasında qeydiyyata dayanmağına və hətta özəl əkim xidmətindən istifadə etməsinə baxmayaraq hamilə qalmazdan əvvəl və hamiləlik zamanı beynində müxtəlif suallarla dolaşır. Həmin narahatlıqlarını yüngülləşdirmək üçün hamiləliyin qadın həyatında çox məsuliyyətli və böyük dəyişikliklərə səbəb olan bir dönəm olduğunu onlara başa salmaq lazımdır. Əlbəttə, mənə üz tutan bütün hamilələrə bunu izah edirəm, lakin konfrans sayəsində məsləhətlərimi ala bilməyən digər hamilələrə də həmin məsləhətləri çatdırmaq istəyirəm. Həm də onu deyim ki, konfransda iştirak etmək üçün qeydiyyatdan keçən xanımların 80 faizi mənim xəstələrim deyil.
-Konfrans iştirakçılarına hansı mövzularla bağlı bilgi verməyi nəzərə tutursunuz?
- Konfransda 200-dən artıq hamilə qadının, yaxud ana olmağa hazırlaşan, hətta uşaq dünyaya gətirməyi planlaşdıran xanımların iştirakı gözlənilir. Hamiləliklə bağlı baş verən və baş verə biləcək hadisələr, müayinələrdən tutmuş doğumaqədərki proseslər haqqında, gələcək ananın qidalanması və psixo-emosional vəziyyəti, riskli hamiləliklər, qeysəriyyədən sonra normal doğuş mövzusunda və hətta normal doğuşun anaya və körpəyə faydaları barədə söhbət gedəcək. Hamiləlikdən sonra artıq çəkidən azad olmaq, hamiləlik zamanı baş verən endokrin və metabolik xəstəliklər haqqında həmkarlarımla birlikdə bütün vacib və əhəmiyyətli məlumatları gələcək analara çatdıracaq və onları maksimum maarifləndirməyə çalışacağıq.
Həyata keçirmək istədiyim layihələr var. Ən əsas planım isə hər zaman xalqımın gözəl xanımlarına yararlı və faydalı olmağımdır.
- Çox gərgin və ağır iş qrafikiniz var. İşlərinizi necə çatdırırsınız?
-Artıq neçə illərdir ki, gərgin iş rejimində və istirahətsiz çalışmağa adət etmişəm. Çünki ginekoloqun işi təcili yardıma bənzəyir, ginekoloq peşəsinin özəlliyi bundadır, onun bayramı, istirahət günü, gecəsi-gündüzü olmur. Hətta bəzən öz işimi ürəyim istədiyi kimi yerinə yetirmək üçün 24 saat vaxt mənə bəs etmir. Təkcə onu deyə bilərəm ki, hər bir işə sevgi ilə yanaşmaq lazımdır: fərqi yoxdur, istər həkim ol, istər müəllim... Əgər işə sevgi ilə yanaşdınsa, ona öz ürəyini qoydunsa, mütləq uğur qazanırsan. Buna görə mən düşünürəm ki, əgər mən bu həyatda başqa bir peşənin sahibi olsaydım da, yenə də uğur qazanacaqdım. Çünki mən sevmədiyim heç bir işə əl qoymaram.
-Ölkəmizin ən tanınmış cərrah-ginekoloqlarından biri sayılırsınız. Əlbəttə ki, buna nail olmaq asan başa gəlməyib...
- Təbii ki, bu uğur yuxusuz gecələrin, çox böyük və əziyyətli işlərin, illərin nəticəsidir. Bu yerə gəlib çatmaq üçün mənə ailəm, müəllimlərim hər zaman dəstək olublar. Mənə savad verən valideynlərim və müəllimlərim olub. Yenə də deyirəm ki, hər bir işə can qoymaq lazımdır. Mən düşünürəm ki, çalışqanlıq mənim xasiyyətimdədir. Çox çalışmışam, hələ də çalışıram, hələ də öyrənirəm və öz üzərimdə işləməyə davam edirəm.
-Bu qədər böyük işlərin məsuliyyətini öz üzərinizə götürürsünüz. Bəs həmkarlarınızdan dəstək görürsünüzmü?
- Bəli, əlbəttə ki, dəstək görürəm. Hidayət Məmmədzadəyə, dəyərli psixoloq Narınc xanıma, dietoloq Tutu xanıma çox minnətdaram. Konfransın həyata keçirilməsi üçün onlar mənə böyük dəstək oldular. Aprelin 2-də biz birlikdə konfransımızı uğurla yekunlaşdıracağıq və bundan sonra da birgə işlərimizi davam edəcəyik.
-Siz ən çox riskli hamiləliklər sahəsində xanımların inamını qazanmış ginekoloq kimi tanınırsınız…
- Məni daha çox riskli hamiləliklər, çətin doğuş və qeysəriyyə əməliyyatları edən həkim kimi tanıyırlar. Ona görə də həkim fəaliyyətim zamanı daha çox riskli anlar olub. Məsələn, açıq ürək əməliyyatı keçirən, hamiləlik qadağan olunmuş qadın ana olmaq arzusu ilə mənə müraciət etdi. Bu, çox riskli idi. Onun istəyi ilə razılaşmaq düzgün deyildi, amma ana olmaq qadının haqqı idi. Ona necə biganə qalmaq olardı? Razılaşdım və mən onun arzunun gerçəkləşməsi üçün əlimdən nə gəlirsə etdim. Çox böyük çətinliklə olsa da, hamiləliyi 32 həftəyə çatdırdıq və uğurlu nəticə əldə etdik.
- Yaxşı, yaddaqalan həkim olmaq üçün nə etmək lazımdır?
- Çox çalışmalısan. Bilirsiniz, sizə öz həkimlik sirlərimdən birini deyim. Xəstələrə xəstə kimi yanaşmaq olmaz. Hamiləlik xəstəlik deyil, bu dönəmi xəstəlik kimi qəbul etmək lazım deyil. Əksinə, bunu həyatın daha dadlı və rəngli dönəmi kimi yaşamalısan. Yaxşı həkim pasiyentin hissini, həyəcanını onunla yaşamalıdır... Ona doğmalığını hiss etdirməlidir. Hamıya məlumdur ki, doğuş çox ağrılı prosesdir. Həmin dövrü yüngül keçirmək üçün hamilə ilə səmimi söhbət etməlisən. Psixoloji olaraq xəstə həkimini əziz, yaxın, doğma insan kimi yanında hiss etməlidir, çəkinməməlidir.
- Səbinə xanım, konfrans ərəfəsində qadınlara nə demək istərdiniz?
-Qadınlığın hər dönəmi gözəldir. Qadın olmağın özü gözəldir, çünki dünyada yaratmaq yalnız Allah-Təalaya və qadına məxsusdur. Ana öz canından, qanından pay verərək dünyaya övlad gətirir. Ona görə də qadın olduğunuz üçün şikayət etmək yox, qürur duymaq lazımdır. Ana olmağın sevincini duya-duya və doya-doya yaşamaq lazımdır. Ana olmaq hər bir qadının haqqıdır...