CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ MONİTORİNQ APARILMIŞDIR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, təsisatın əməkdaşları İnsan hüquqları aylığı çərçivəsində müraciətlərin araşdırılması və məhkumların saxlanma şəraiti ilə tanış olmaq məqsədi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisələrində olmuşlar.
Ombudsmanın nümayəndələri bu müəssisələrə ümumi baxış keçirmiş, məhkumlarla görüşmüş, onların problemləri ilə maraqlanmışlar.
Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləmişlər.
Aparatın əməkdaşları araşdırmanın nəticəsi olaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması üzrə tövsiyələr vermişlər.