İQTİSADİYYAT
Çelyabinsk vilayətinin hökuməti Azərbaycan şirkətləri və iş adamlarına investisiya yatırmağı təklif edir
Bakı, 1 yanvar (AZƏRTAC). Rusiya Federasiyası Çelyabinsk vilayətinin hökuməti birgə müəssisə və ticarət palatalarının yaradılması, energetika sahəsində əməkdaşlığın genişlənməsində Azərbaycan şirkətlərinə dəstək verməyə hazırdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, bundan əlavə, Çelyabinsk vilayəti kənd təsərrüfatı, elm, innovasiya, turizm, texnologiya, təhsil və digər sahələrdə Azərbaycan şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bununla əlaqədar olaraq Çelyabinsk vilayətinin hökuməti Azərbaycan şirkətləri və iş adamlarına investisiya yatırmağı təklif edir.
Vilayət hökuməti inşaat-mühəndislik infrastrukturunun yaradılması məqsədi ilə birgə maliyyələşdirməni həyata keçirmək; investisiya layihələrinin reallaşdırılmasına dövlət zəmanəti vermək; torpaq sahələrinin özəlləşdirilməsində istehsalat təşkilatlarına dəstək göstərmək, vergi güzəştləri tətbiq etmək imkanlarına malikdir.