SİYASƏT
Çikaqo şəhərində Azərbaycanla bağlı tədbirlər keçirilmişdir
Vaşinqton, 26 noyabr (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov İllinoys ştatının Çikaqo şəhərində keçirilən Qlobal Məsələlər üzrə Çikaqo Şurası, Çikaqo Yəhudi İcması üzrə Əlaqələr Şurası, eləcə də Amerika Yəhudi Komitəsinin Çikaqo ofisində Azərbaycanla bağlı müzakirələrdə iştirak etmişdir.
Əvvəlcə E.Süleymanov ABŞ-ın beynəlxalq münasibətlər üzrə ən qədim və məşhur mərkəzlərindən biri olan Qlobal Məsələlər üzrə Çikaqo Şurasında Azərbaycanla bağlı təqdimatla çıxış etmişdir. Diplomatı qonaqlara təqdim edən Şuranın vitse-prezidenti Niam Kinq son dövrlər Azərbaycanın müxtəlif sahələrdəki inkişafından söz açmış, ardıcıl və məqsədyönlü siyasi kursun nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini bildirmişdir.
Sonra çıxış edən E.Süleymanov Azərbaycanın dövlətçilik tarixi, iqtisadi inkişafı və xarici siyasətdə qazandığı uğurlar barədə məlumat vermiş, ölkəmizin iştirakçısı və birbaşa təşəbbüskarı olduğu irimiqyaslı enerji layihələri haqqında danışmışdır. O, reallaşdırılmış və hazırda gündəmdə olan layihələrin regionun ümumi mənzərəsini dəyişdiyini, yalnız Azərbaycanın deyil, digər dövlətlərin də iqtisadi inkişafına və rifahına təkan verdiyini bildirmişdir. Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli mühitin formalaşdığını vurğulayan E.Süleymanov demişdir ki, ölkəmizə investisiyaların cəlb edilməsinin uğurunun əsasında etibarlı və öhdəliklərə sadiq tərəfdaş mövqeyi dayanır.
Azərbaycanın regional inteqrasiyanın genişləndirilməsində maraqlı olduğunu deyən E.Süleymanov hazırkı mərhələdə qonşu Ermənistanın işğalçı siyasətini davam etdirməsinin bu prosesləri ləngitdiyini və Cənubi Qafqaz regionunun sabit gələcəyinin qurulmasına mane olduğunu vurğulamışdır.
1922-ci ildə təsis edilmiş Şurada keçirilmiş və böyük marağa səbəb olmuş tədbirdə Çikaqo şəhərinin nüfuzlu ictimai-siyasi xadimləri, iş adamları və diplomatik korpusun rəhbərləri iştirak etmişlər.
Çikaqo Yəhudi İcması üzrə Əlaqələr Şurasında çıxışı zamanı səfiri qonaqlara təqdim edən 170 illik qədim tarixə malik “Bney Brit” təşkilatının icraçı vitse-prezidenti Daniel Mariaşin Azərbaycan haqqında məlumat vermiş, ölkəmizdə tarixən məskunlaşmış yəhudi icması və onların timsalında bütün etnik və milli azlıqlara tolerant münasibətin formalaşdığını bildirmişdir. O, Azərbaycan hökuməti tərəfindən açıq cəmiyyətin qurulmasının prioritet olduğunu vurğulamış, Azərbaycanda tolerant cəmiyyətin yaranması tarixinin ölkəmizin müstəqillik tarixindən çox qədim olduğunu, bu bəşəri və humanist ənənələrin hələ Sovet İttifaqı dövründən təşəkkül tapdığını, ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsi olduğunu bildirmişdir. Ulu öndər Heydər Əliyevlə görüşmək şərəfinə nail olduğunu və bu görüşü xoş xatirələrlə xatırladığını qeyd edən D.Mariaşin tolerantlıq və açıq cəmiyyət kursunun davam etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən E.Süleymanov Azərbaycan hökumətinin xüsusi diqqət ayırdığı milli, etnik və dini rəngarəngliyin təşviqi siyasətindən danışmış, ölkəmizin çoxmədəniyyətlilik, tolerantlıq mövzularına həsr olunmuş dünya miqyaslı forum və konfranslara ev sahibliyi etdiyini bildirmişdir.
Səfirin çıxışı Çikaqoda fəaliyyət göstərən yəhudi mətbuatında da işıqlandırılmışdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton