DÜNYA
Çinin iki patrul gəmisi Şərqi-Çin dənizində mübahisəli Senkaku adaları zonasına daxil olmuşdur
![Çinin iki patrul gəmisi Şərqi-Çin dənizində mübahisəli Senkaku adaları zonasına daxil olmuşdur](/files/2014/2/1200x630/1408712395250362835_1200x630.jpg)
Tokio, 5 iyul (AZƏRTAC). İyulun 5-də Çin Xalq Respublikasının (ÇXR) iki patrul gəmisi Şərqi-Çin dənizində yerləşən mübahisəli Senkaku adaları zonasına daxil olmuşdur. Həmin adalar Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan da bu ərazilərə iddialıdır.
Yaponiya Sahil Mühafizəsinin bildirdiyinə görə, Çin gəmiləri mübahisəli sularda iki saata yaxın qalmışdır.
Yaponiya ilə Çin arasında Senakaku adaları ətrafında ərazi mübahisəsi 2012-ci ilin sentyabrında Tokio həmin adaları fərdi sahibkardan aldıqdan sonra kəskinləşmişdir. Bundan sonra Çində Yaponiya əleyhinə kütləvi nümayişlər keçirilmişdir. Həmin vaxtdan başlayaraq, Çin gəmiləri mübahisəli adaların ətrafında dolaşır və vaxtaşırı nümayişkaranə şəkildə bu sulara daxil olur.
Adalar ətrafında mübahisə 2013-cü ilin noyabrında ÇXR Şərqi-Çin dənizində Senakaku adalarının da daxil olduğu yeni hava hücumundan müdafiə zonasını elan etdikdən sonra daha da kəskinləşmişdir. Yaponiya Çinin bu addımını beynəlxalq hüquqa zidd olan dəlillər əsasında status-kvonu dəyişmək cəhdi adlandırmışdır. ABŞ isə öz növbəsində, Şərqi-Çin dənizində Çinin yeni hava hücumundan müdafiə zonası elan etməsini “birtərəfli addım” kimi dəyərləndirmiş və onun regionda gərginliyi artıracağını bildirmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio