ŞƏRH
COP29 Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf üzrə qlobal dialoqdakı rolunu daha da möhkəmləndirəcək – RƏY
Bakı, 7 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışı Azərbaycanın milli inkişaf modelinin, strategiyasının uğurlarını və gələcək vizyonunu bir daha aydın görməyə imkan verdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın son üç onillikdə transformasiyası detallı izah edildi, onun yeni müstəqillik qazanmış və böhrana məruz qalmış ölkədən regional enerji mərkəzinə çevrilməsi yolu təhlil olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli səsləndirib.
O bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji strategiyası Azərbaycanın dayanıqlı iqtisadi tərəqqisini təmin etməklə yanaşı, həm də ölkəmizin Avropanın etibarlı qaz tədarükçüsü olmasına, qitənin enerji təhlükəsizliyinə töhfə verməsinə imkan yaradıb. Məhz zamanla ayaqlaşan, çağırışlara vaxtında adekvat cavablar verən Azərbaycanın enerji strategiyası milli inkişaf modelinin möhkəm bünövrəsi oldu. Xüsusilə Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan indi əldə olunmuş nailiyyətlərə söykənərək iqlim dəyişikliyi probleminin həlli və “yaşıl enerji”yə keçid prosesində yaxşı start şərtlərinə malikdir.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan daim gələcəyə baxmaq ənənəsinə sadiq qalaraq özünün bərpaolunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirməyi qarşısına məqsəd qoyub. Prezident Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti kimi beynəlxalq tərəfdaşlarla birgə günəş və külək elektrik stansiyalarının tikintisi planlarını açıqlayaraq enerji strategiyasının yeni şərtlərlə uğurlu adaptasiyasını nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyası layihələrindən yaranacaq əlavə potensialla 2027-ci ilədək 2 giqavat bərpaolunan enerjiyə nail olmaq, azad edilmiş ərazilərin yaşıl iqtisadiyyata keçid planlarına uyğun bərpası məqsədlərdən biridir. Azərbaycan, həmçinin iqlim dəyişikliyi məsələlərinin həllinə və yaşıl enerjiyə keçidə sadiqliyini nümayiş etdirərək COP29-u yüksək səviyyədə keçirmək niyyətindədir. Dövlətimizin başçısı konkret nümunələrlə ölkəmizin “qara qızılı” insan kapitalına çevrilməsi yolunda necə irəlilədiyini bir daha diqqətə çatdırdı.
Z.İbrahimli vurğulayıb ki, Prezident İlham Əliyev bir daha Azərbaycanın tarixi Qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonra yaranmış imkanlardan məhz dinc məqsədlər, “yaşıl iqtisadiyyat”a keçid, ətraf mühitin qorunması potensialının yüksəldilməsi üçün istifadə etdiyini bildirdi. Bununla da Azərbaycanın məsuliyyətli, iqlim dəyişikliklərinə həssas siyasət yürütdüyünü vurğuladı.
“Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan 2027-ci ilədək günəş və külək enerjisi sahəsində 2 giqavat gücünə nail olmaq məqsədilə bərpaolunan enerji sahəsində əsaslı irəliləyişlərə imza atmağa hazırdır. Qaz ixracının artırılması və enerji mənbələrinin şaxələndirilməsi ilə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini davam etdirəcəyi açıq-aydın görünür. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlı inkişaf üzrə qlobal dialoqdakı rolunu daha da möhkəmləndirəcək. Bu nailiyyətlər Azərbaycanın enerji təhlükəsizliyini, iqtisadi sabitliyini gücləndirəcək və beynəlxalq nüfuzunu artıracaq”, - deyə QHT sədri əlavə edib.