ELM VƏ TƏHSİL
CTBTO-nun Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası genişlənir
Bakı, 16 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda yerləşən Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Haqqında Müqavilə Təşkilatının (CTBTO) Azərbaycan Milli Məlumat Mərkəzinin elmi-texniki bazası müasir tələblərə uyğunlaşdırılır.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, quruma ABŞ istehsalı olan “Lenovo Thinkstation” və “IBM” markalı avadanlıqlar sistemi alınmışdır. Yeni elektron sistemin mərkəzdə geofiziki məlumatların təhlili üçün imkanları genişləndirəcək, CTBTO-nun Avstriyanın paytaxtı Vyanada yerləşən mərkəzi ofisi ilə əlaqəni texniki baxımdan daha da sürətləndirəcəkdir.
2003-cü ildə təşkil olunmuş Azərbaycan Milli Məlumat Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovdur. Qurumun rəhbər müavini - geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev bildirmişdir ki, yeni sistemin dəyəri 24 min avrodan çoxdur. Hazırda sistem CTBTO-nun mərkəzi ofisinin mütəxəssisi Dale Roblin tərəfindən quraşdırılır. Sistemin quraşdırılması mərhələ şəklində həyata keçirilir, beynəlxalq şəbəkəyə bağlantısı yaxın ayda CTBTO-nun digər qrupu tərəfindən təmin ediləcəkdir.
Mərkəzin əməkdaşları xarici ölkələrdə vaxtaşırı təşkil olunmuş təlim kurslarında iştirak edir, qurumun fəaliyyətinə dair xüsusi tədqiqat metodlarını mənimsəyirlər.