SİYASƏT
DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASININ QURULTAYI İŞƏ BAŞLAMIŞDIR
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də Dövlət Opera və Balet Teatrında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qurultayı öz işinə başlamışdır.
Qurultayda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan inzibati rayonlardakı azərbaycanlı yaşayış məntəqələrindən 350 nümayəndə və qonaqlar iştirak edir. Qonaqlar arasında Prezident Administrasiyasının, Milli Məclisin, nazirlik, dövlət komitələri və şirkətlərinin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri vardır.
Qurultay iştirakçıları Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun məruzəsini dinləyəcək, qurumun əsas fəaliyyət istiqamətlərini müzakirə edəcək, rəhbər orqanlarını seçəcəklər.
Dağlıq Qarabağın bütün rayonlarının nümayəndələrinin təmsil olunduğu azərbaycanlı icması ictimai birliyi qaçqın və məcburi köçkünləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maarifləndirmək, dövlət orqanlarının köməyi ilə onların sosial problemlərinin həllinə çalışmaq, sülh prosesinə yardımçı olan işlərlə məşğuldur.