SİYASƏT
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur
Daşkənd, 26 dekabr (AZƏRTAC). Ölkəmizin Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirmişdir.
Mərasimdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun fəal üzvləri, azərbaycanlı gənclər, jurnalistlər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin bu binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuşlar.
Azərbaycanın dövlət himni səsləndikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçılarını Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salamlamış, bu bayramın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmış, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ilk dəfə Naxçıvanda qeyd edildiyini xatırlatmışdır.
Səfir müstəqilliyimizin bərpa olunmasından ötən 20 ildə əldə edilmiş uğurlardan danışmış, 2011-ci ilin əlamətdar hadisələrini yada salmışdır. N.Abbasov qeyd etmişdir ki, bu ilin ən əlamətdar hadisələrindən biri müstəqilliyimizin bərpasının 20 illiyinin yüksək səviyyədə keçirilməsidir. 2011-ci il tarixə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qəbul olunması ili kimi də düşəcəkdir. Bu, bizim ən böyük uğurlarımızdan biridir. Ölkəmizin bu quruma üzv qəbul olunması üçün Azərbaycana dünyanın 155 dövləti səs vermişdir. Bu qədər dövlətin bizə etimad göstərməsi və inanması böyük hadisədir. Bu uğurların qazanılması isə Azərbaycan Prezidenti İlham Əliyevin qələbəsi və ona göstərilən etimaddır.
Səfir Azərbaycanın digər beynəlxalq təşkilatlarla əlaqələri haqqında danışmış, 1994-cü ildə imzalanmış “Əsrin müqavilə”si və digər neft layihələrindən söhbət açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində ölkəmizin təşəbbüsləri haqqında məlumat vermişdir.
N.Abbasov Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə əlaqədar qəbul etdiyi qanunu ədalətsiz və birtərəfli qərar adlandırmışdır.
Sonra böyük konsert proqramı təqdim olunmuş, Rəna Əzizova, Yusif Əliyev, Vəli Şirinov muğam və xalq mahnılarımızı, İlham Abdullayev sazda qədim el havalarımızı ifa etmişlər.
Mərasimdə Namiq Abbasov diasporumuzun fəallarına səfirliyin təşəkkür məktubunu və xatirə hədiyyələrini təqdim etmişdir.
Səfirlik adından mərasim iştirakçılarına ziyafət verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd