SİYASƏT
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanunu kəskin surətdə pisləyir
Daşkənd, 25 dekabr (AZƏRTAC). Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi biabırçı qərarı kəskin surətdə pisləyir.
Bununla bağlı AMM bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə əlaqədar qəbul etdiyi qərar ədalətsizdir. 1915-ci il hadisələrindən 100 il keçir. Özü də bu qarşıdurmada türklər ermənilərdən daha çox həlak olmuş və vəhşicəsinə qətlə yetirilmişlər. O vaxt hadisələrin baş verdiyi ərazilərdə cəmi 500 min erməni yaşamışdır. Əgər Fransa Milli Assambleyası həqiqət axtarırsa onda 20 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə niyə maraqlanmır?! Xocalı qətliamında günahsız uşaqlar, qadınlar, qocalar vəhşicəsinə qətlə yetirilmiş, südəmər körpələr anaların gözləri qarşısında süngülərə taxılmışlar. Məgər Fransa parlamentinin üzvləri bunları bilmir?! Əksinə, çox yaxşı bilir və başa düşmək istəmirlər ki, bu cür məsələlərlə tarixçilər məşğul olmalı, həqiqəti məhz onlar üzə çıxarmalıdırlar. Məhz siyasətçilər tarixlə məşğul olanda belə etimadsızlıq və anlaşılmazlıq yaranır ki, bu da dövlətlərarası münasibətlərə xələl gətirir.
AMM-in sədri Mobil Məmmədov bildirmişdir ki, bəyanat media orqanlarına və Fransanın Özbəkistandakı səfirliyinə də təqdim ediləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd