Daşkəsəndə baş vermiş təbii fəlakətin nəticələri aradan qaldırılır
Daşkəsən, 30 mart, Rauf Hacıyev, AZƏRTAC
Daşkəsən rayonu ərazisində martın 24-də baş vermiş təbii fəlakət - güclü külək və qasırğa nəticəsində rayonun çoxsaylı sosial, inzibati və çoxmərtəbəli yaşayış binalarına dəymiş ziyanın tez bir zamanda aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, operativ olaraq Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndə və mütəxəssisləri, Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinin birgə iştirakı ilə yerlərdə baxış keçirilib.
Komissiya üzvləri tərəfindən rayon mərkəzinə və kəndlərə, eləcə də ayrı-ayrı təsərrüfatlara dəymiş ziyanın həcmini müəyyən edilib və sənədləşdirilib.
Hazırda dəymiş ziyanın aradan qaldırılması məqsədilə təmir-bərpa işləri görülür.