Daşkəsənin Quşçu və Bayan kəndləri “mavi yanacaq”la təmin olunub
Daşkəsən, 27 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dekabrın 27-də Daşkəsən rayonunun Quşçu və Bayan kəndlərinə ilk dəfə təbii qaz verilib.
Bu münasibətlə keçirilən mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində ucqar yaşayış məntəqələri olan Quşçu və Bayan kəndlərinə təbii qaz verilməsinə görə rayon sakinləri adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Hələ sovetlər dövründə belə ucqar, dağlıq kəndlərə qaz xəttinin çəkilməsinin qeyri-mümkün olduğunu, lakin vaxtilə həyata keçirilməsi şübhə doğuran, əlçatmaz görünən bütün sosial məsələlərin bu gün müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrəti nəticəsində reallığa çevrildiyini deyən Ə.Abıyev qeyd edib ki, tezliklə rayonun bütün yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev çıxış edərək bildirib ki, ümumilikdə 1029 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 62 min 642 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Bayan kənd sakinləri adından Məmməd Məmmədov, Quşçu kənd sakinləri adından isə Aqil Aslanov çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərilən həssas münasibətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.