CƏMİYYƏT
Daxili işlər orqanlarının şəxsi heyəti dövlət başçısının hər bir vətəndaşın mənafeyinə xidmət edən yorulmaz fəaliyyətini və əldə edilən möhtəşəm nəticələri böyük rəğbətlə qarşılayır
Bakı, 24 dekabr (AZƏRTAC). Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin anadan olmasının 50 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunu uğurla davam etdirən, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, doğma Azərbaycanımızın çiçəklənməsi və davamlı inkişafı üçün bütün qüvvəsini əsirgəməyən cənab İlham Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin alternativsizliyi dünyanın tanınmış, nüfuzlu siyasətçiləri tərəfindən xüsusi qeyd edilir, əldə olunmuş nailiyyətlər Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsi kimi dəyərləndirilir. Ölkəmizin iqtisadi qüdrətinin artması, müdafiə potensialının güclənməsi, bütövlükdə dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlər İlham Əliyevə, hər bir azərbaycanlının Prezidenti kimi, xalqın dərin məhəbbətini qazandırmış və yekdil dəstəyini təmin etmişdir.
Nazir respublikamızda qanunların aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının, Azərbaycanın dünya birliyinin və Avropa ailəsinin nüfuzlu bir üzvü kimi tanınmasının, ölkəmizin beynəlxalq mövqelərinin günbəgün möhkəmlənməsinin məhz möhtərəm Prezidentin uğurlu daxili və xarici siyasətinin, gərgin əməyinin və titanik səylərinin nəticəsi olduğunu bildirmişdir.
Eyni zamanda vurğulanmışdır ki, xalqımız və onun ayrılmaz hissəsi olan daxili işlər orqanlarının şəxsi heyəti dövlət başçısının hər bir vətəndaşın mənafeyinə xidmət edən yorulmaz fəaliyyətini, əldə edilən möhtəşəm nəticələri böyük rəğbətlə qarşılayır, ürəkdən dəstəkləyir və ölkəmizin gələcək tərəqqisini onun adı ilə bağlayır.
Çıxışının sonunda nazir Ramil Usubov Prezident İlham Əliyevi əlamətdar yubiley münasibətilə təbrik etmiş və əminliklə bildirmişdir ki, şəxsi heyət ölkə vətəndaşlarının həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi, müstəqilliyimizin əbədi olması üçün daim əzmlə çalışacaqdır.