DƏMİR YOLU ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TEHRAN KONFRANSI İŞİNİ YEKUNLAŞDIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tehranda Dəmir Yolu Əməkdaşlıq Təşkilatı Direktorlar Şurasının XXIII konfransı başa çatmışdır.
Konfransda Azərbaycanı Dövlət Dəmir Yolu rəisinin müavini İqbal Hüseynovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Təşkilata üzv olan qurumların ekspertləri aprelin 27-dən 29-dək konfransın gələcək fəaliyyətini müəyyən edən layihənin mətnini və 16 bənddən ibarət gündəliyini hazırlamışlar. Sənədə təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi, üzvlər arasında informasiya mübadiləsinin genişləndirilməsi, 2008-ci il büdcəsinin təsdiqi, habelə növbəti konfransın vaxtının və keçiriləcəyi ölkənin müəyyənləşdirilməsi və digər məsələlər daxil edilmişdir.
1956-cı ildə təsis edilən bu təşkilat ötən dövrdə uğurlu inkişaf yolu keçmişdir və üzv dövlətlərin qarşılıqlı maraqlarına uyğun fəaliyyət göstərir.
27 ölkənin dəmir yolu qurumlarını özündə birləşdirən bu təşkilat bir sıra beynəlxalq nəqliyyat layihələrini həyata keçirmişdir. Təşkilatın əsas məqsədi üzv dövlətlərin ərazisindəki dəmir yolu şəbəkəsində yüklərin və sərnişinlərin vaxtında, təhlükəsiz və sərfəli qiymətlərlə daşınmasını təmin etmək, digər eyni təyinatlı beynəlxalq qurumlarla rəqabət şəraitində səmərəli fəaliyyət göstərməkdir.
Təşkilatın ötənilki fəaliyyətinə dair hesabatda bildirilir ki, əsas strategiya yeni layihələr hesabına üzv dövlətlər arasında dəmir yolu şəbəkəsini genişləndirmək və qatarların təhlükəsiz hərəkət intensivliyini sürətləndirməkdir. Bu sahədə görülən işlərə Azərbaycan Dəmir Yolu şəbəkəsinə aid layihə də daxildir. Bu layihəyə əsasən, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (Azərbaycan)-Astara (İran)-Qəzvin (İran)-Rəşt (İran) yeni dəmir yolu layihəsini reallaşdırmaq təşkilat üçün olduqca əhəmiyyətlidir.
Dəmir Yolu Əməkdaşlıq Təşkilatı Direktorlar Şurasının növbəti XXIV konfransının 2009-cu il aprelin 20-dən 24-dək Moskvada keçirilməsi qərara alınmışdır.