İQTİSADİYYAT
Dəmir yolunun Qovlar-Tovuz mənzilində 4,5 km dəmir yolu əsaslı təmir olunur
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 2-dən etibarən dəmir yolunun Qovlar-Tovuz mənzilində 4,5 kilometr yolun və Baş Ələt stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 kilometr dəmir yolu əsaslı təmir olunub və 136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib.