Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir
Bakı, 5 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Milli Qurtuluş Günündə Şuşaya səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki qardaş və dost ölkənin münasibətlərini zirvəyə qaldırdı. Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq barədə qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar yaradır. Bu imkanlar həm şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Şuşa Bəyannaməsinin imzalanmasının tarixi hadisə olduğunu qeyd edən deputat bildirib: “Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır”.
V.İskəndərov vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad Şuşaya reallaşan həmin səfəri, həmçinin Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir. “Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Şuşa Bəyannaməsi 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Bu Bəyannamə, eyni zamanda, 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır”, - deyə o qeyd edib.
Azərbaycanla Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni müstəviyə, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamənin xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayan deputat qeyd edib: “Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Bir sözlə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəsinə qədəm qoydu”.