Deputat: Vətəndaşlarımız çox yaxşı bilirlər ki, onların arxasında güclü, qüdrətli Azərbaycan dövləti dayanıb
Bakı, 14 aprel, AZƏRTAC
Hazırda dünyanı koronavirus təhlükəsinin bürüdüyü bir vaxtda dövlətimiz əhalinin sağlamlığını qorumaq və təhlükəli virusdan xilas etmək üçün bütün vasitələrdən istifadə edir. Prezident İlham Əliyevin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanması və digər qabaqlayıcı tədbirlərin görülməsi əhali tərəfindən razılıqla qarşılanır. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsaitin toplanması da bundan xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik məvaciblərini fonda ianə etmələri humanizm prinsiplərinə sadiqliyin və koronavirusla mübarizədə qətiyyətin göstəricisidir. İqtisadiyyatda dalğalanmaların önlənməsi üçün ölkə Prezidentinin Sərəncamı ilə bir milyard manat vəsaitin ayrılması, sahibkarlara, imkansız, aztəminatlı, yardıma ehtiyacı olan insanlara, ailələrə yardım edilməsi ilə bağlı tapşırıqların verilməsi və digər tədbirlər Azərbaycan dövlətinin, onun rəhbərinin iradəsinin, insanların rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxladığının növbəti əyani göstəricisidir. Bütün bunlar dövlətimizin, Prezidentimizin bir daha Azərbaycan vətəndaşının yanında olduğunu təsdiqləyir. Bu diqqət və qayğını gündəlik həyatında hiss edən vətəndaşlar da öz dövlətinə, rəhbərinə güvənir, inanır və etimad edir. Ölkə vətəndaşları çox yaxşı bilirlər ki, onların arxasında güclü, qüdrətli dövlət dayanıb. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaş xüsusi karantin rejiminin tələblərinə, şərtlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ölkə Prezidentinin tövsiyələrinə əməl etməlidir. Koronavirus pandemiyası bu gün bütün dünyanı ağuşuna alıb, qorxuya salıb. Bəşəriyyət sanki virusun qarşısında aciz qalıb. Qonşu İranda, İtaliyada, İspaniyada, Fransada, ABŞ-da və digər qüdrətli ölkələrdə yaşananlar gözlərimizin önündədir. Hər gün minlərlə insan bu xəstəlikdən dünyasını dəyişir, on minlərlə insan koronavirusa yoluxur. Təəssüflər olsun ki, bütün önləyici və qabaqlayıcı tədbirlərə baxmayaraq, koronavirus epidemiyası “çağırılmamış qonaq” kimi bizim də ölkənizin qapısını döyüb. Hazırda yüzlərlə insan karantin altındadır. Ona görə də hər kəs bu bəlanın, qorxulu təhlükənin ciddiliyini dərk etməlidir. Bu təhlükəli xəstəliyə qeyri-ciddi münasibət göstərmək olmaz.
Kamilə Əliyeva qeyd edib ki, dövlət heç vaxt öz vətəndaşını darda qoymayıb. Bu çətin məqamda bütün dövlət orqanlarının, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin gərgin fəaliyyətini qeyd etməmək olmaz. Nazirliyin yaratdığı “Qaynar xətt” vasitəsilə yaşı 65-dən yuxarı olan vətəndaşlara, kimsəsizlərə, tənha yaşayanlara, aztəminatlı ailələrə yardımların verilməsi, onların qayğısına qalınması, işsizlərə müavinətin verilməsində şəffaflıq nümayiş etdirilməsi böyük razılıqla qarşılanır. “Bu humanist addımların davamlı olacağına əminəm. Bəzi araqarışdıran və ölkəmizin inkişafını gözü götürməyənlərin şayiələri belə uğurlara heç vaxt kölgə sala bilməz. Artıq işsizlərə birdəfəlik yardımların verilməsinə başlanılıb. Bu faktlar xəbis niyyətli insanların arzularını ürəklərində qoyur. Vətəndaşlarımız da bu günlərdə daha həssas və daha diqqətli olmalı, verilən qərarlara birmənalı əməl etməli, belə yalanlara inanmamalıdırlar. Dövlət, xalq olaraq biz birlikdə bu sınaqdan da üzüağ və şərəflə çıxacağıq, bunu birlikdə bacaracağıq”, - deyə deputat bildirib.