İQTİSADİYYAT
DMAA-nın direktoru Avropa Mülki Aviasiya Konfransının 137-ci müşavirəsində iştirak etmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov Avropa Mülki Aviasiya Konfransının (AMAK) Parisdə keçirilmiş 137-ci müşavirəsində iştirak etmişdir.
Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirmişlər ki, müşavirədə bütün nəqliyyat növlərinin qarşılıqlı fəaliyyət göstərməsi məsələləri və yaxın gələcəklə bağlı planlar müzakirə edilmişdir.
Tədbirdə Avropa Komissiyası 2012-ci ilin əvvəllərində ölkəmizlə “Birgə səma” sazişi ilə bağlı danışıqlara başlamaq təklifi ilə çıxış etmişdir.
Səfər çərçivəsində Arif Məmmədov Beynəlxalq Mülki Aviasiya Təşkilatının Avropa və Şimali Atlantika Bürosunun (ICAO) direktoru Luis Fonseka de Almeyda və AMAK-ın prezidenti Katalin Radu ilə görüşmüşdür.
AMAK prezidenti Katalin Radu ilə görüşdə DMAA-nın direktoru əsas diqqəti ölkəmizin işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportunda qanunsuz tikinti işlərinin aparılmasına yönəldərək, bu məsələyə dair Azərbaycan mülki aviasiyasının mövqeyini izah etmişdir. Müəyyən dairələrin regionda uçuşların təhlükəsizliyinə xələl gətirmək cəhdləri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı AMAK rəhbərliyinin nəzərinə çatdırılmışdır.
Tərəflər 2012-ci ildə qarşılıqlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlmişlər.
ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun direktoru ilə görüşdə Arif Məmmədov müvafiq icazələr olmadan Xocalı aeroportuna uçuşların qarşısının alınması məsələsində təşkilatın rolunu qeyd etmişdir. Azərbaycan tərəfi bir sıra aviaşirkətlərin sözügedən aeroporta hava yolu açmaq niyyətlərinin regional uçuşlar üçün artan təhlükə mənbəyi olduğunu diqqətə çatdırmışdır.
Tərəflər “Beynəlxalq mülki aviasiya haqqında Konvensiya”nın müddəalarına uyğun hərəkət edərək, bu məsələyə dair məsləhətləşmələri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü prinsipi əsasında davam etdirmək qərarına gəlmişlər.