CƏMİYYƏT
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyanın “Acquisition International” korporasiyasının keçirdiyi müsabiqənin qalibi olub

Bakı, 23 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Böyük Britaniyanın “Acquisition International” beynəlxalq korporasiyasının təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi müsabiqəyə ötənilki fəaliyyəti nəticəsində qazandığı rəqəmsal nailiyyətlər barədə məlumatı təqdim edib.
Həmin rəqəmsal uğurlar müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi həmin beynəlxalq korporasiyanın “Biznes mükəmməlliyi” mükafatına və “Şərqi Avropa üzrə ən yaxşı sosial təminat texnologiyaları qurumu - 2024” adına layiq görülüb.
2010-cu ildən etibarən fəaliyyət göstərən “Acquisition International” təşkilatının əsas məqsədi biznes və xidmət sahələrində olan yeniliklər barədə məlumatlarla müxtəlif nəşrlər və məqalələr vasitəsilə sahənin peşəkarlarını maarifləndirməkdir.