QAN YADDAŞI
DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 20 YANVAR FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (DDA) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Qurumun mətbuat xidmətindən bildirmişlər ki, tədbirin əvvəlində qanlı 20 Yanvar faciəsi zamanı şəhid olmuş qəhrəman Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə DDA-nın rəisi Qüdrət Qurbanov tariximizin ən faciəli səhifələrindən biri olan 20 Yanvarın müstəqillik uğrunda mübarizəmizə həm də milli qəhrəmanlıq salnaməsi kimi yazıldığını diqqətə çatdırmış, sovet imperiyasının törətdiyi bu qırğının bağışlanılmaz cinayət olduğunu, xalqımızın azadlıq hərəkatını boğmaq məqsədi daşıdığını bildirmişdir. Faciəyə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən söz açan natiq, ulu öndərin 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə imzaladığı fərman və sərəncamların misilsiz əhəmiyyətini vurğulamışdır.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayəti kəskin lənətləyərək faciəli günlə bağlı acı xatirələrini söyləmiş, şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyərək, nahaq qanın yerdə qalmayacağına əminliklərini bildirmişlər.