DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SAYTI TƏKMİLLƏŞDİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, qurumun “stateproperty.gov.az” domeynli internet saytı təkmilləşdirilərək istifadəyə verilmişdir.
Saytda komitənin bütün fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar əldə etmək mümkündür.
Saytdakı yeniliklərdən biri də daşınmaz dövlət əmlakının icarəçilərinin icarə borclarını öyrənmək imkanlarının yaradılmasıdır. Artıq dövlət əmlakının icarəçiləri onlara verilmiş kodu xüsusi pəncərəyə daxil etməklə icarə borcları haqqında operativ məlumat əldə edə biləcəklər.
Saytda komitənin vəzifə və funksiyaları, onun strukturu, o cümlədən mərkəzi aparatı, tabeli qurumlar və ərazi şöbələri, kollegiyanın tərkibi barədə məlumatlar yerləşdirilmişdir. Burada, həmçinin, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikasının qanunları ilə, Mülki Məcəllədən çıxarışlar və komitədaxili normativ sənədlərlə də tanış olmaq mümkündür.
Saytda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən investisiya müsabiqələri, hərracların keçirilməsi, onların nəticəsi və özəlləşdirməyə çıxarılan müəssisələr barədə məlumatlar olacaqdır. Burada dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar statistik göstəricilər, komitənin rəhbər işçilərinin qəbul günlərinin cədvəli, müxtəlif xəbərlər, «Mülkiyyət» qəzetinin elektron versiyası da yerləşdirilmişdir.
Sayt vasitəsi ilə komitəyə elektron məktub göndərilməsi, qurumda vakant iş yerləri, onun fəaliyyəti ilə bağlı foto və video materiallar da əldə etmək mümkündür.
Dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi prosesində səmərəliliyin və şəffaflığın daha da artırılması, habelə komitənin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.