Dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır
Bakı, 25 yanvar, AZƏRTAC
Dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır. Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrində təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tvinninq layihəsinin bağlanış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, bu günlərdə dövlət idarəetmə sistemində start verilmiş struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir. Bu isə öz növbəsində, 2018-ci ilin sonunda qəbul edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)" uyğunluq təşkil edir. Strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyasını, dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur.
M.Abbaszadə qeyd edib ki, hazırkı Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin ovaxtkı durumu və ehtiyacları nəzərə alınıb və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib. “Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq. Fikrimcə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin - müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı. Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq”, - deyə M.Abbaszadə bildirib.