Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən
AZƏRTAC-a bildirmişlər ki, son həftə ərzində aparılmış əməliyyat tədbirləri nəticəsində Gəncə hava limanının hasarının arxasında kənd yolunun kənarında karton qutuya qablaşdırılmış bir “F-1”, bir “RQD-5”, bir “RQ-42” əl qumbaraları, bir 5,45 millimetrlik güllə darağı, bir 5,45 millimetrlik ov tüfəngindən atəş açmaq üçün əldə düzəldilmiş dəmir lülə və 1517 ədəd 5,45 millimetrlik güllə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, Qazax rayonunun Birinci Şıxlı kəndinin ərazisində, Ehram çayı ilə Kür çayının qovşağında gizlədilmiş bir “AK-74” markalı silah, iki boş daraq, bir “RQD-5” əl qumbarasının partlayıcısı, bir siqnal tapançası, 19 ədəd 7,62 millimetrlik patron yararsız halda aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsnin qarşısının alınması istiqamətində də əməliyyat-axtarış işləri davam etdirilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində, Bakı-Tbilisi yolunun 485-ci kilometrliyində, yolun yaxınlığında 7563 ədəd (2268 kq) yabanı halda bitmiş narkotik xassəli bitki aşkarlanaq yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə məhv edilmişdir. Həmçinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində keçirilmiş tədbirdə 3500 ədəd (1750 kq) yabanı halda bitmiş narkotik xassəli bitki aşkarlanaq yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə məhv edilmişdir.