CƏMİYYƏT
Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi mexanizmi hazırlanıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi mexanizmi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə dövlət xidmətlərini qiymətləndirmək və qiymətləndirmə qaydalarını müəyyən etmək tapşırığı verilib. Bu tapşırığın icrası məqsədi ilə Dövlət Agentliyi və “ADA” Universiteti tərəfindən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi mexanizmi hazırlanıb.
Qeyd edilən mexanizmin təqdimatı, o cümlədən Dövlət Xidmətlərinin Elektron Reyestrində aparılan yeniliklər və görülən işlər barədə məlumatlandırmanın həyata keçirilməsi məqsədi ilə oktyabrın 3-də “ADA” Universitetində tədbirin keçirilməsi nəzərdə tutulur.