REGİONLAR
Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin birgə təlimi uğurla yekunlaşıb
Kəngərli, 25 fevral, AZƏRTAC
Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə keçirilən “İstehsalat müəssisələrində baş vermiş yanğınların söndürülməsi və digər sahələrə yayılmasının qarşısının alınması, tüstülü zonalardan insanların təxliyəsi” mövzusunda taktiki-xüsusi təlim uğurlu nəticələri ilə seçilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlim planına uyğun olaraq Kəngərli rayonunda fəaliyyət göstərən “Şəhanə mebel” Məhdud Məsuliyyətli Cəmiyyətində və onun anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.
Təlimə Kəngərli və Şərur Dövlət Yanğın Təhlükəsizliyi şöbələrindən, ümumilikdə, 18 nəfər şəxsi heyət, 3 yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğınların söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin əyani şəkildə şəxsi heyətə göstərilməsi, qarşılıqlı əlaqənin təşkili, yanğınsöndürənlərin peşə vərdişlərinin artırılması, digər struktur qurumlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi və zərərçəkmişlərin xilas edilməsinin şəxsi heyətə öyrədilməsidir.