DÖVLƏTİMİZİN BAŞÇISI XUDAT ŞƏHƏRİNDƏ OLMUŞDUR
Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını böyük hörmət və ehtiramla, hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı Heydər Əliyev muzeyi ilə tanış oldu. Muzeyin direktoru Elnarə İskəndərova məlumat verərək bildirdi ki, 2005-ci ilin mayında, ümummilli liderimizin 82-ci ildönümündə açılmış muzey iki guşədən ibarətdir. Burada, əsasən, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra keçirdiyi görüşlər, respublikamızın ayrı-ayrı bölgələrinə, xarici dövlətlərə səfərləri, apardığı danışıqlar barədə sənədlər, fotoşəkillər nümayiş etdirilir. Muzeydə ulu öndərə həsr olunmuş kitablar, ümummilli liderin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini, mədəniyyətimizə, dilimizə və digər sahələrə göstərdiyi diqqət və qayğını əks etdirən materiallar da vardır.
Prezident İlham Əliyev ekspozisiyaya baxdı və muzeyin xatirə kitabına ürək sözlərini yazdı.