SİYASƏT
Dövlətlərimizin başçıları arasındakı dostluq və fəal dialoq Azərbaycan-Çin münasibətlərinin inkişafı üçün istiqamətverici faktordur VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/17049638043341728073_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17049638052763650585_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17049638055132448470_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17049638052883450005_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17049638052259136729_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170496380563127985_1200x630.jpg)
Pekin, 11 yanvar, AZƏRTAC
Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunda Azərbaycana həsr olunan seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Çinin elm qurumlarının region üzrə nüfuzlu alim-mütəxəssislərinin iştirak etdikləri tədbirdə ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Azərbaycanın müasir inkişafına, müxtəlif sahələrdə qazandığı uğurlara, qonşularla münasibətlərinə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirlərindən sonra regionda yaranmış yeni reallıqlara, Ermənistanla normallaşma prosesinə, Azərbaycan-Çin münasibətlərinə dair məruzə xarakterli geniş çıxış edib.
Dövlətlərimizin başçıları İlham Əliyev ilə Si Cinpin arasındakı dostluğa, qarşılıqlı etimada və hörmətə əsaslanan fəal dialoqun formalaşdığını vurğulayan B.Hüseynov bu amilin iki ölkənin münasibətlərinin inkişafı və çoxşaxəli əməkdaşlığının möhkəmləndirilməsi üçün istiqamətverici amil olduğunu bildirib. O, Azərbaycan-Çin dövlətlərarası münasibətlərinin strateji tərəfdaşlıq xarakteri aldığını deyib.
Hər iki ölkənin separatizm problemi ilə qarşılaşdığını, ikili standartlar siyasətinin qurbanları olduğunu qeyd edən səfir Azərbaycan və Çinin ekstremizmi və separatizmi hər cür təşviq edən tanınmış aktorlar tərəfindən ərazi bütövlüyü və suverenlik məsələsində oxşar yanaşma ilə üzləşdiyini vurğulayıb. Diplomat bildirib ki, Azərbaycan öz ərazisində aqressiv separatizm və ekstremizm məsələsini hərbi-siyasi yolla birdəfəlik həll edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ölkəmiz hazırda regional əməkdaşlıq və birgə yanaşı yaşayış üçün sülh gündəliyi təşəbbüsü ilə çıxış edib. Çin tərəfinin BMT Təhlükəsizlik Şurasında ölkəmizlə bağlı məsələlərdə nümayiş etdirdiyi konstruktiv mövqeyin Azərbaycan hökuməti və xalqı tərəfindən minnətdarlıqla qarşılandığı bildirilib.
Şərq ilə Qərbi birləşdirən yollar üzərində tarixən açar ölkə olan Azərbaycanın müxtəlif formatlarda əməkdaşlıq platformalarında fəal iştirak etdiyini diqqətə çatdıran B.Hüseynov ölkəmizin Çin-Mərkəzi Asiya formatında dialoqa da maraq göstərdiyini, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə olduqca yaxşı münasibətlərinin olduğunu deyib.
Diplomat ölkəmizin iqtisadi inkişafı, əlverişli biznes və investisiya mühiti, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri haqqında məlumat verib, Azərbaycanın regionda iqtisadi cəhətdən ən inkişaf etmiş, siyasi cəhətdən isə ən sabit dövlət olduğunu vurğulayıb. Bildirib ki, 30 illik işğal dövründə tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda geniş bərpa-quruculuq işləri görülür, iqtisadi layihələr həyata keçirilir. Bu işlərdə Çin şirkətlərinin fəal iştirakının əhəmiyyəti vurğulanıb.
O, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıqdan bəhs edərək, Çinin Azərbaycanın əsas idxal mənbəyi və 5 ən böyük xarici ticarət tərəfdaşından biri olduğunu bildirib, ötən ilin 11 ayı ərzində ticarət dövriyyəsinin 2,8 milyard ABŞ dolları təşkil etdiyini deyib. Qeyd olunub ki, ötən ilin noyabrında Şanxayda Azərbaycan-Çin hökumətlərarası komissiyasının 9-cu iclası uğurla keçib. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, onun icrasına öz ərazisində və xaricdə Çindən sonra ən çox investisiya yatıran ölkədir.
Səfir Azərbaycan Prezidentinin təşəbbüsü olan “Zəngəzur dəhlizi” haqqında danışaraq, hələ keçmiş sovet dövründən fəaliyyət göstərən bu dəhlizin təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını deyil, eyni zamanda, keçmiş SSRİ-nin dəmir yolu şəbəkəsini İran və Türkiyə ilə birləşdirdiyini deyib. Bildirib ki, yeni nəqliyyat dəhlizlərinin, xüsusən də “Zəngəzur dəhlizi”nin açılması “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasına əhəmiyyətli töhfə olacaq.
Diplomat Azərbaycanın beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinə qarşı mübarizəyə öz töhfələrini verdiyini, ölkənin sosial-iqtisadi inkişafı üzrə milli prioritetlərdən birinin məhz ətraf mühitin qorunması və “yaşıl inkişaf”la bağlı olduğunu vurğulayaraq, bu istiqamət üzrə müəyyən edilmiş hədəflərdən söz açıb, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan və Çin arasında humanitar sahədə əlaqələrdən bəhs edən səfir B.Hüseynov bu istiqamətdə Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığı vurğulayıb, ölkələrimizin elm və təhsil əlaqələrindən, regionlararası və şəhərlərarası əməkdaşlıqdan danışıb.
Sonda alimlərin Azərbaycanın beynəlxalq və regional əməkdaşlıqdakı rolu, sülh gündəliyi və Ermənistanla normallaşma prosesi, Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri barədə sualları cavablandırılıb.
Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Sun Cuanci ilə görüşdə iki ölkənin elm qurumları və beyin mərkəzləri arasında əməkdaşlığın perspektivlərindən danışılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin