CƏMİYYƏT
DSMF-nin Qəbul Mərkəzində müasir tələblərə uyğun şəraitdə vətəndaşların qəbulu prosesi həyata keçirilir
Bakı, 21 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında vətəndaşların qəbulu otağının müasir tələblər səviyyəsində yenidən qurulması işləri davam etdirilir. Bu səbəbdən nazirliyin inzibati binasındakı qəbul otağının fəaliyyəti bu il avqustun əvvəllərindən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbul Mərkəzində (Bakı şəhəri, H. Zərdabi prospekti, 80) həyata keçirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, burada əhaliyə innovativ üsullarla, “bir pəncərə”dən, “e-sosial” portalı və elektron növbəlilik əsasında, şəffaf və operativ şəkildə, vətəndaşlarla açıq iş şəraitində xidmətlər göstərilir. Nazirliyin qəbul otağına gələn vətəndaşlar da nazirlik əməkdaşları tərəfindən Qəbul Mərkəzində qəbul edilir və onların müraciətləri aidiyyəti üzrə icraçı şöbə və xidmətlərə yönləndirilir. Həmçinin nazirliyin rəhbər şəxslərinin qəbuluna yazılmaq istəyən şəxslərin qeydiyyatı aparılır.
Bu ilin doqquz ayında nazirliyin qəbul otağına (o cümlədən, nazirlik yanında DSMF-nin qəbul mərkəzinə) 20 min 752 nəfər müraciət edib.
Vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması və müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.