Dubay Beynəlxalq İdman Konfransında Ronaldoya “Əsrin futbolçusu” mükafatı təqdim edilib
Dubay, 27 dekabr, AZƏRTAC
FIFA prezidenti Canni İnfantino, habelə məşhur futbol ulduzları Kriştiano Ronaldo, İker Kasilyas və Robert Levandovski “Futbol ən yüksək zirvədə” mövzusunda keçirilən Dubay Beynəlxalq İdman Konfransında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dünyanın ən hündür binası olan Bürc Xəlifədəki “Armani” otelində keçirilən konfransda FIFA prezidentinin pandemiya dövründən sonra futbolun inkişafı haqqında çıxışı dinlənilib.
Konfransın sonunda dünya futbol ulduzlarına mükafatların təqdimatı mərasimi olub. Kriştiano Ronaldoya “Əsrin futbolçusu”, Robert Levandovskiyə “İlin oyunçusu”, İker Kasilyas və Jerard Pikeyə isə “Futbol karyerası” mükafatları təqdim edilib.
Dubay Qlobal Futbol Mükafatı çərçivəsində “Əsrin məşqçisi” mükafatına Pep Qvardiola layiq görülüb. “İlin məşqçisi” mükafatını isə Hans Flik alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay