SİYASƏT
Dünya azərbaycanlılarının bugünkü həmrəyliyi ulu öndər Heydər Əliyev dühasının təcəssümüdür
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Yeni Azərbaycan Partiyasının (YAP) bu universitet üzrə ərazi ilk təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, YAP universitet ərazi ilk təşkilatı qadınlar şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədli ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin xaos və anarxiyadan, qardaş qırğınından və milli qarşıdurmadan xilas olduğunu bildirmişdir.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı Jalə Əliyeva ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı və böyük uzaqgörənliklə dünyanın hər yerində məskunlaşmış Azərbaycan diasporasının Təşkilat Komitəsinin yaradılması və dünya azərbaycanlılarının tarixi qurultayının ilk dəfə Bakıda keçirilməsindən söhbət açmışlar.
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, Xalq Şairi Söhrab Tahir, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və başqaları ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı ilə hər il ölkəmizdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsini, xaricdəki Azərbaycan diaspor təşkilatları nümayəndələrinin ölkəmizdə təşkil olunmuş bayram tədbirlərinə qatılmasını birliyimizin böyük uğuru adlandırmışlar.
Tədbirdə AzMİU-nun “Buta” rəqs qrupu və Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.