SİYASƏT
Dünya azərbaycanlılarının həmrəyliyi günü Serbiyada da qeyd olunmuşdur
Bakı, 26 dekabr (AZƏRTAC). 2011-ci il dekabrın 26-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycanın Serbiyadakı səfirliyində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan parkı”na gələrək burada ucaldılmış Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Daha sonra Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyində keçirilmiş toplantıda səfirliyin müşaviri Qabil Köçərli çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd olunmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildiyini qeyd etmişdir. Natiq xarici ölkələrdəki, eyni zamanda Serbiyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu vurğulayaraq, düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanın gündən-günə inkişaf etdiyini, xalqımızın rifahının yaxşılaşdığını demiş, Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində atdığı addımlar, keçirilən görüşlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Q.Köçərli bu tədbirin Prezident İlham Əliyevin anadan olmasının 50 illik yubileyi ilə üst-üstə düşdüyünü qeyd edərək, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin səfirliyin kollektivi adından dövlət başçısını təbrik etmiş, ona çətin və şərəfli fəaliyyətində uğurlar arzulamışdır.
Tədbirdə, həmçinin səfirliyin 2011-ci ildəki fəaliyyətindən bəhs edilmiş, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti yüksək qiymətləndirilərək, onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük töhfələrinin və xidmətlərinin olduğu qeyd edilmiş, görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır. 2011-ci ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilmiş, 2012-ci ildə səfirliyin qarşısında duran vəzifələrdən bəhs edilmişdir.
Tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.