İDMAN
Dünya çempionu Maya Jager: İlk Avropa Oyunlarının Bakı kimi gözəl şəhərdə keçirilməsi doğru qərar olub
![Dünya çempionu Maya Jager: İlk Avropa Oyunlarının Bakı kimi gözəl şəhərdə keçirilməsi doğru qərar olub](/files/2015/2/1200x630/14345530621242053159_1200x630.jpg)
Bakı, 17 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
Bakını belə gözəl təsəvvür etmirdim. Hər şey o qədər yüksək səviyyədə təşkil olunub ki, yalnız xoş sözlər söyləyə bilərəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 2013-cü ilin dünya çempionu, danimarkalı oxatan Maya Jager bildirib.
"İlk Avropa Oyunlarının Bakı kimi gözəl şəhərdə keçirilməsi doğru qərar olub. Azərbaycan bu Oyunların açılış mərasimində özünü yüksək səviyyədə təqdim etməyi bacardı. Oyunların təşkilatçılığını xüsusi vurğulamaq istərdim. 2013-cü ildə iştirak etdiyim dünya çempionatından fərqli olaraq burada oxatma yarışları yalnız bir məkanda keçirilir ki, bu da idmançının məkana uyğunlaşması baxımından vacib amildir”, - deyə Maya Jager vurğulayıb.
Dünya çempionu bildirib: “Onu da deyim ki, Azərbaycanda idmana və idmançılara göstərilən qayğı diqqətimi daha çox çəkdi. Gənc ölkə olmasına baxmayaraq artıq Azərbaycan bayrağı dünya idman arenalarında dalğalanır. Azərbaycan idmançılarının uğurları onlara göstərilən qayğının bariz nümunəsidir. Bundan sonra da Bakıda keçiriləcək dünya səviyyəli yarışlarda iştirak edəcəyimi düşünürəm”.
Azərbaycandan xoş təəssüratla ayrılacağını bildirən Danimarka təmsilçisi gələcəkdə Bakıya tez-tez səfər edəcəyini də deyib.