İDMAN
Dünya futbol ulduzları Ebolaya qarşı mübarizə kampaniyasına başlayıblar
Bakı, 18 noyabr, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyası (FİFA), Afrika Futbol Konfederasiyası (CAF), dünyanın aparıcı futbolçuları və səhiyyə sahəsində ekspertlər Ebola qızdırması insanların məlumatının artırılmasına yönəlmiş “11 Ebolaya qarşı” kampaniyasına başlayıblar.
FİFA-nın rəsmi saytında verilən məlumata görə, “Biz birlikdə ebolaya qalib gələ bilərik” şüarı altında keçirilən kampaniya çərçivəsində portuqaliyalı Kriştiano Ronaldu, braziliyalı Neymar, Kot d’İvuarlı Didye Droqba, alman Filipp Lam və bir sıra başqa futbolçular sosial şəbəkələr vasitəsilə bu xəstəliyin profilaktikasına dair tövsiyələr yayacaqlar.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirib ki, FİFA-nın prezidenti Yozef Blatter deyib: “Futbolun populyarlığı bizim üçün elə bir nadir platformadır ki, onun köməyi ilə bütün dünya ilə ünsiyyət saxlaya bilərik. Ümid edirik ki, Ebolaya qarşı bu mübarizə kampaniyasında futbol öz rolunu oynayacaq, yerlərdə real dəyişikliklərə səbəb olacaq, xəstəlikdən əziyyət çəkənlərə kömək edəcək”.
Dünya Səhiyyə Təşkilatının (DST) son məlumatlarına görə, indiyə qədər Ebola qızdırmasına tutulan 14.413 nəfərdən 5.177-si ölüb. Xəstəliyin qurbanlarının çoxu Qərbi Afrikanın 3 ölkəsində: Qvineya, Liberiya və Syerra-Leonedə qeydə alınıb.