SİYASƏT
DÜNYA ÖLKƏLƏRİ VƏ BEYNƏLXALQ QURUMLAR DİN-DÖVLƏT MÜNASİBƏTLƏRİNDƏ AZƏRBAYCAN MODELİ İLƏ MARAQLANIRLAR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, seminar-müşavirədə dinlərarası dözümlülüyün və tolerantlığın yaradılmasında dövlətin rolu, dini təhsil və dini təşkilatlara tətbiq edilə biləcək mümkün məhdudiyyətlər, din-dövlət münasibətlərində KİV-in rolu məsələləri müzakirə olunmuşdur.
Müzakirələr zamanı dinlərarası dialoqda dövlətin təşkiledici və tənzimləyici funksiyasının artırılması xüsusi vurğulanmışdır. Dini təhsillə bağlı məsələnin müzakirəsi zamanı bir sıra fikirlər səslənmişdir. Rafiq Əliyev dinin ali və orta məktəblərdə tarixi aspektdən tədris olunmasını və bu prosesi dini təəssübkeşlərdən kənar saxlamaq üçün dövlətin nəzarəti altında həyata keçirilməsini təklif etmişdir. Bu təklif əsas kimi qəbul olunmuş və məsələnin bu ilin oktyabr ayında Varşavada keçiriləcək xüsusi forumda bir daha müzakirəyə çıxarılması qərara alınmışdır.
Dini icmalar ictimai təhlükəsizliyi pozduqda, digər dini qurumların fəaliyyətinə müdaxilə etdikdə və dinlərarası ədavət və nifrətə çağırışlarla çıxış etdikdə onların fəaliyyətinə məhdudiyyətlər qoyulması qərara alınmış, dini məsələlərdə dövlətlə KİV arasında əməkdaşlığın gücləndirilməsi məqsədəuyğun sayılmışdır.
Seminar–müşavirədə Ermənistan, Belarus, Belçika, Avstriya, Moldova, Özbəkistan, Rusiya və Gürcüstanda dini etiqad azadlığının ciddi surətdə pozulması xüsusi vurğulanmışdır.
Tədbirdən sonra Rafiq Əliyev bir sıra görüşlər keçirmişdir. Bu görüşlərdə din-dövlət münasibətlərini tənzimləyən qurumlar arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunmuşdur.
Din–dövlət münasibətlərində Azərbaycan modeli ilə maraqlanan BMT-nin İnsan Hüquqları üzrə Komissarı Abdulfəttah Amor 2004-cü ilin yanvar-fevral aylarında ölkəmizə gəlmək arzusunda olduğunu bildirmişdir.