Əbdülfəttah əs-Sisi: Misir Suriyadakı hərbi eskalasiyaya görə narahatdır
Ər-Riyad, 15 aprel, AZƏRTAC
Misir Suriyadakı hərbi eskalasiyaya görə narahatdır, bu ölkədə sülhə nail olmaq üçün ancaq siyasi prosesə əsaslanmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanının Darhan şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 29-cu sammitində söyləyib.
Suriyadakı vəziyyətə toxunan Misir prezidenti qadağan olunmuş kimyəvi silahın Suriyada mümkün istifadə edilməsi hallarına dair açıq və şəffaf beynəlxalq araşdırma aparılmasına çağırıb. O bildirib ki, Misir ərəb dövlətlərinin işlərinə hər hansı xarici müdaxilənin əleyhinədir. Onun fikrincə, regionun bəzi ölkələri ərəb dövlətlərində öz təsir zonaları yaratmağa cəhd edir: “Suriya - ərəb dövlətidir və onun taleyi Suriya xalqının əlindədir”.
Misir prezidenti həmçinin qonşu dövlətlərlə əlaqələrin bərpasına çağırıb. Bununla əlaqədar o qeyd edib ki, regiondakı ümumi təhlükəsizliyin qorunması üçün ərəb ölkələrinin vahid strategiyaya ehtiyacı var.
Əbdülfəttah əs-Sisi Fələstin problemini həllinin vacibliyini də diqqətə çatdırıb. Ərəblərin Yerusəlimə qanuni haqlarının olduğunu deyən Misir prezidenti qeyd edib ki, ərəb ölkələri əvvəlki kimi problemin sülh yolu ilə həllinə, yeganə strateji variant kimi tərəfdardır. O xüsusi olaraq vurğulayıb ki, işğala son qoymaq üçün sülh tənzimlənməsi üzrə ərəb təşəbbüsü ən uyğun əsas olaraq qalır.
Misir lideri beynəlxalq ictimaiyyətin Fələstin torpaqlarında, xüsusən də Şərqi Yerusəlimdə, işğalçı siyasətin qarşısının alınmasının vacibliyini də vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad