ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutu əməkdaşlarının elmi əsərlərinin biblioqrafik göstəricisi çapdan çıxıb
![Ədəbiyyat İnstitutu əməkdaşlarının elmi əsərlərinin biblioqrafik göstəricisi çapdan çıxıb](/files/2019/3/1200x630/15722663484682928067_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu əməkdaşlarının 2018-ci il üçün biblioqrafik göstəricisi “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dörd hissə, 462 səhifədən ibarət biblioqrafiya elmi şuranın 2019-cu il 14 iyun tarixli qərarı ilə nəşr olunub.
Biblioqrafiyanın layihə rəhbəri və baş elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, elmi redaktoru dosent Aygün Bağırlı, tərtibçiləri dosent Zakirə Əliyeva və Sona İbrahimovadır. Nəşrə filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva “Gələcək illərin təməli olan ədəbiyyatşünaslıq elmi biblioqrafiyası” adlı “Ön söz” yazıb.
Elmi informasiya və tərcümə şöbəsində hazırlanmış biblioqrafik göstərici Ədəbiyyat İnstitutu əməkdaşlarının 2018-ci ildə nəşr olunmuş monoqrafiya, dövri mətbuatda və elmi toplularda dərc edilmiş, həmçinin müxtəlif elmi əhəmiyyətli internet saytlarında yer almış məqalə, müsahibə və bədii əsərlərini əhatə edir.